Hava balonunu necə uçur və ya Alov fırtınası nədir?

Bəlkə də bir çoxumuz isti fəsillərdə həddindən çox isinmiş yer səthi üzərindən havaya yüksələn su axınına bənzər isti hava kütləsini müşahidə etmişik. Tonqal üzərində də bu mənzərəni çılpaq gözlə asanlıqla görmək olur.

Bildiyiniz kimi isti hava soyuq havaya görə daha az sıxlığa sahib olduğu üçün yüngül olur və beləliklə hər zaman yuxarıya doğru istiqamətlənir.

Bu fenomendən hava balonlarının uçurulması üçün də istifadə edilir. Balon içərisində alov vasitəsilə qızdırılan hava özüylə bərabər balonun da yüksəlməsinə səbəb olur.

Alov fırtınası təbiətdə nadir görünən atmosfer hadisələrindən biridir. Böyük yanğınlar zamanı bir neçə yanğın mərkəzinin birləşməsi nəticəsində hava kütləsi 500-800° C-ə qədər qızır və sürətlə yuxarıya doğru hərəkət etməyə başlayır. Bu da öz növbəsində yanğın mərkəzinin kənarlardan yeni soyuq hava kütləsini sürətlə özünə çəkməsinə gətirib çıxarır. Beləliklə çox sürətli hava cərəyanları alovları 5 kilometrə qədər qaldıra biləcək alov fırtınasına səbəb olur.

Nümunələr: 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-da baş vermiş meşə yanğınları zamanı yanğın fırtınası hadisələri müşahidə edilmişdir. Bundan əlavə İkinci Dünya müharibəsi zamanı Stalinqrad, Hamburq, Drezden, Tokyo və Hirosima şəhərlərinin bombalanması nəticəsində də alov fırtınaları əmələ gəlmişdir.