C8H10N4O2 və ya qəhvə niyə oyandırır ?

Yuxarıdakı şəkildə kofein verilmiş hörümçək ilə kofein verilməmiş hörümçəyin toxuduqları torların fərqini görürsünüz.

Demək olar ki, hər birimiz qəhvə, tünd çay içdiyimiz zaman orqanizmimizdə baş verən dəyişiklikləri müşahidə etmişik. Yuxu qaçırmaq, diqqəti artırmaq, yorğunluğu aradan qaldırmaq üçün müxtəlif içkilərin tərkibində əsrlərdən bəri kütləvi şəkildə istifadə olunan kofeinin 2004-cü ilə qədər dopinq siyahısında yer aldığını bilirdinizmi? Hətta bəzi araşdırmalara görə kofeinin marixuana ilə eyni səviyyədə asılılıq yarada bilmə potensialı vardır.

İnsan beyni aktiv çalışdığı zaman sinir hüceyrələrinin mübadilə məhsullarından biri olan adenozin ortaya çıxır. Adenozin beyində olan özünə məxsus reseptorlara birləşərək son nəticədə sinir hüceyrələrinin yavaşlamasına səbəb olaraq sistemin stress altında işləməsinin qarşısını alır və bir növ dincəlmə mexanizmini aktivləşdirir. Karbon, oksigen, azot və hidrogen molekullarından təşkil olunmuş kofein isə kimyəvi quruluş etibarı ilə adenozinə bənzəyir və bu səbəbdən adenozin reseptorlarına birləşsə də hüceyrələrin yavaşlamasına səbəb olan mexanizmi aktivləşdirmir. Beləliklə kofein tərəfindən blokada edilən reseptorlara adenozin birləşə bilmədiyi üçün beyin hüceyrələri aktiv formada dincəlmədən işləməyə davam edir.

Mütəmadi kofein istifadəsi zamanı isə orqanizm vəziyyətə uyğunlaşaraq sinir hüceyrələrində adenozin reseptorlarının sayını artırdığı üçün bir növ öyrəşmə effektinə səbəb olur. Əvvəllər 1 fincan qəhvənin verdiyi effekti əldə etmək üçün artıq daha çox qəhvə istehlakına ehtiyac yaranır. Kofein istifadəsi kəskin dayandırıldıqda isə baş ağrısı, ürək bulanma, yuxululuq kimi yan təsirlərə səbəb ola bilər. 


Comments

Leave a comment