Texnologiyanın təməli və ya niyə bu günkü inkişafı ipin kəşfinə borcluyuq?

İnsanlıq tarixinin ən gözardı edilən ixtiralarından biri məhz ipdir. İlk baxışda sadə görünən bu alət əslində müasir texnologiyanın təməl daşlarından biri hesab olunur. Maraqlıdır ki, alimlər ipin ilk istifadəçiləri arasında Neandertalların da olduğunu düşünürlər. Fransada tapılmış təxminən 50 min illik bükülmüş lif qalıqları Neandertalların bitki liflərini birləşdirərək ip hazırlaya bildiyini göstərir.

Bu isə mürəkkəb düşüncə tələb edirdi. Çünki ip hazırlamaq üçün liflərin müəyyən istiqamətdə burulması və sonra yenidən birləşdirilməsi lazımdır. Yəni Neandertallar sadəcə ov edən canlılar deyil, material texnologiyasını anlayan insanlar idi.
İp insanların ağır yükləri daşımasına, daş alətləri bağlamasına, tor hazırlayıb ov etməsinə və ilk tikililəri qurmasına imkan verdi. Daha sonra toxuculuq inkişaf etdi və 19-cu əsrdə Jacquard toxuma maşınlarında istifadə olunan deşikli kartlar ortaya çıxdı. Maraqlıdır ki, bu kartlar sonradan ilk kompüter proqramlaşdırmasının təməl prinsiplərinə çevrildi. Yəni bugünkü proqram təminatının kökündə belə bir vaxtlar ip və parça istehsalı dayanırdı.
Polad troslardan internet kabellərinə qədər uzanan texnologiya zəncirinin başlanğıcında isə sadəcə bükülmüş iki lif vardı.